Iflic olan Əbülfəz Bünyadovu azad edin

Iflic olan Əbülfəz Bünyadovu azad edin

Azərbaycan Respublikası Prezidenti
cənab İlham Əliyev
Azərbaycan Respublikası Birinci Vitse Prezidenti
xanım Mehriban Əliyevaya
Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan Əbülfəz Bünyadovun anası
Xeyriyyə Bünyadova tərəfindən
MÜRACİƏT
Hörmətli cənab Prezident,
Hörmətli Mehriban xanım,
Mənim oğlum Əbülfəz Bünyadov 26 noyabr 2015-ci ildə Nardaran qəsəbəsində keçirilən əməliyyat nəticəsində ağır yaralanaraq iflic olub.
Ə.Bünyadova qarşı Cinayət Məcəlləsinin bir sıra maddələrlə cinayət işi qaldırılıb, onun haqqında polis nəzarətinə vermə növündə qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyul 2018-ci il tarixli hökmü ilə oğlum 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib və məhkəmə zalında həbs olunub. O, cəzanın ilk 5 illiyini Qobustan Qapalı Həbsxanasında çəkməlidir. Ə.Bünyadov onurğasından ağır xəsarət aldığı halda işgəncələrə məruz qalıb. İşgəncələr Penitensiar Xidmətin müalicə müəssisəsində olarkən də davam edib. Oğlum hərəkət edə bilmədiyindən məhkəmə iclaslarına təcili yardım köməyi ilə xərəkdə gətirilirdi.
Hazırda Ə.Bünyadovun bədəninin 80%-i işləmir. O, kənar köməyi olmadan sərbəst hərəkət və özünə qulluq edə bilmir. Bağırsaqlarında mikrob düşdüyü üçün vəziyyəti çox ağırdır. O, qida qəbul edə bilmir, təbii ehtiyaclarını ödəmək qabiliyyətində deyil.
Oğluma hospitalda yerləşdirildiyi palatada olan əlil məhkumlar baxır, yardım edirlər. Amma son vaxtlar orada olan xəstələrin özü də əməliyyat keçirdiyindən Əbülfəz tam baxımsız qalıb və mən sonuncu dəfə ona baş çəkəndə onun nə qədər arıqladığını, heydən düşdüyünün şahidi oldum. Hazırda mənim ayaqlarım tutulub və mən onu ziyarət edə bilmirəm.
Polis nəzarətində olanda oğluma evdə özüm və onun həyat yoldaşı qulluq edirdi. Indi isə o, tam baxımsız, ağır vəziyyətdə qalıb. Onun özünün yaşamasına heç bir ümidi qalmayıb.
Hörmətli cənab Prezident,
Hörmətli Mehriban xanım,
Yuxarıda qeyd edildiyim kimi, mənim səhhətimdə ciddi problemlər yarandığından Ə.Bünyadovu ziyarət edə bilmirəm. Oğlumun övladların ikisi azyaşlıdır, onların biri əlil arabasındadır, ona oğlumun həyat yoldaşı qulluq edir. Əbülfəzin yanına isə heç kim gedə bilmir.
Sizə bir ana kimi müraciət edirəm. Onun buraxılmasına inanmasam da, həbs qətimkan tədbirinin dəyişdirilməsinə inanmaq istərdim. Oğlum Əbülfəz Bünyadovun və ailəsinin ağır vəziyyətini nəzərə alaraq yardım etməyinizi rica edirəm.
Hörmətlə,
Bünyadova Xeyriyyə Qasım qızı