Bizim də mənzilimiz olsun! Пусть у нас тоже будет квартира! Let us have an apartment too!

Bizim də mənzilimiz olsun! Пусть у нас тоже будет квартира! Let us have an apartment too!

0 have signed. Let’s get to 1,000!
At 1,000 signatures, this petition is more likely to be featured in recommendations!
Sevda Safaraliyeva started this petition to Azərbaycan Respublikasının Prezidenti, President of the Republic of Azerbaijan

Mənzilə və mənzil şəraitinin yaxşılaşdırılmasına  ehtiyacı olan ümumi səbəbdən əlilliyi olan şəxslər və əlilliyi olan uşaqların ailələri adından müraciət

Hörmətli cənab Prezident,

Məlum olduğu kimi, ümumi səbəbdən əlilliyi olan şəxslər və əlilliyi olan uşaqların ailələri cəmiyyətin ən aztəminatlı və sosial müdafiəyə ən çox ehtiyacı olan təbəqəsidir. Son illərdə bu təbəqənin həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində müavinətlərin artırılması və Prezident təqaüdlərinin təyin edilməsi kimi uğurlu addımlar atılmışdır. Bu da bizdə gələcəyimizlə bağlı xoş ümidlər yaradır.

Ümumi səbəbdən əlilliyi olan şəxslər və əlilliyi olan uşaqların ailələrinin bu gün üzləşdiyi ən böyük problemlərindən biri də onların mənzilə və mənzil şəraitinin yaxşılaşdırılmasına duyduğu ehtiyacdır. Xüsusilə hərəkət məhdudiyyətli kreslo-araba istifadəçilərin və əlilliyi olan uşaqların ailələrinin əksəriyyəti darısqal, onların ehtiyaclarına uyğunlaşdırılmayan mənzillərdə yaşayırlar. Həmin mənzillərdə kreslo-araba ilə hamam otaqları və ayaqyollarından istifadə demək olar ki mümkünsüzdür. Kreslo-araba və hərəkət məhdudiyyətli şəxsə lazım olan digər avadanlıqlar mənzildə xeyli yer tutur. Bundan başqa çoxmərtəbəli yaşayış binalarının əksəriyyətində liftlərin girişi ensiz olduğundan ora kreslo-araba ilə daxil olmaq mümkün olmur. Bu liftlərin çoxu mərtəbələr arasında yerləşdiyindən mənzildən çıxıb həmin liftə daxil olmaq üçün pilləkənlərlə ya yarım mərtəbə aşağı enmək ya da yuxarı qalxmaq lazımdır. Mənzildən  müəyyən köməklə çıxa bilsək də, həmin pilləkənlərdən enmək mümkünsüz olur. Bunun üçün ən az 3-4 nəfər qüvvəli adamın köməyinə ehtiyacımız olur.

Əlilliyi olan uşaqların valideynləri də eyni çətinliklərlə üzləşir. Uşaqlar kiçik olanda qucaqda daşına bilsələr də, yaşları artdıqca bunu etmək xüsusi güc tələb edir. Bu işi daim görən ananın da sonradan səhhətində problem yaranır ki, bu da onun özünün və övladının gələcək həyatını daha da ağırlaşdırır.

Yuxarıda qeyd etdiyim və sosial ödənişlərdən (müavinət, pensiya, Prezident təqaüdündən) başqa əlavə gəliri olmayan kateqoriya çox vaxt yoxsulluq həddində yaşayır. Bu səbəbdən, onların mənzil sahibi olmaq və ya mənzil şəraitlərini yaxşılaşdırmaq imkanı olmur.

Bundan əlavə, milli qanunvericilikdə müəyyən imtiyazları olan əlilliyi olan şəxslərin mənzil təminatı ilə bağlı müvafiq güzəştlər olsa da, imtiyazı olmayan əlilliyi şəxslərin mənzil təminatı ilə bağlı heç bir hal nəzərdə tutulmamışdır.

Son illərdə “sosial evlər” deyilən layihəyə ümid bağlasaq da, həmin layihə “güzəştli mənzil” olaraq davam etdirildi. Təəssüf ki, biz həmin güzəştli mənzil almaq hüququ olanlar sırasına daxil edilmədik.

Ümumi səbəbdən əlilliyi olan şəxslər və əlilliyi olan uşaqları olan ailələr sanki yoxmuş kimi heç bir dövlət mənzil proqramında nəzərə alınmamışdır. Bu isə, son nəticədə, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin (Mənzil hüququ) II bəndinə (“Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür”) və dövlətimizin qarşısında öhdəlik götürdüyü “BMT-nin Əlillərin hüquqları haqqında Konvensiya”nın, Maddə 28-də nəzərdə tutulmuş müddəalarına ziddir (Maddə 28: Qənaətbəxş həyat səviyyəsi və sosial müdafiə, d) əlillərin dövlət mənzil proqramlarından istifadə etmək imkanının təmin edilməsi;). Bundan başqa, mövcud vəziyyətdə əksər əlilliyi olan şəxslər və əlilliyi olan uşaqları olan ailələr öz yaşayış yerini, harada və kiminlə yaşamağı seçmək imkanına malik deyil (Maddə 19 - Müstəqil həyat tərzi və yerli icmaya cəlb olunma, a) əlillər digər insanlarla bərabər səviyyədə öz yaşayış yerini, harada və kiminlə yaşamağı seçmək imkanına malik olsunlar və hansısa bir yaşayış yerində yaşamağa məcbur olmasınlar).

Bütün yuxarıda yazılanları nəzərə alaraq aşağıdakıların həyata keçirilməsi üçün müvafiq tədbirlər görülməsini  xahiş edirik:

1.    Ümumi səbəbdən əlilliyi olan şəxslərin və əlilliyi olan uşaqların ailələrinin mənzillə təminatı ilə bağlı Dövlət Proqramı işlənib-hazırlansın və təsdiq edilsin.

2.    Ümumi səbəbdən əlilliyi olan şəxslərin və əlilliyi olan uşaqların ailələrinin mənzillə təminatı ilə bağlı Mənzil Məcəlləsinə müvafiq maddələr əlavə edilsin.

3.    Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan ümumi səbəbdən əlilliyi olan şəxslər və əlilliyi olan uşaqların ailələrinin müəyyən edilməsi üçün meyarlar hazırlansın;

4.    Mənzilə və mənzil şəraitinin yaxşılaşdırılmasına  ehtiyacı olan ümumi səbəbdən əlilliyi olan şəxslər və əlilliyi olan uşaqların ailələri üçün güzəştli şərtlərlə, yəni bizim üçün əlçatan qiymətə mənzillər ayrılsın; Yaxud da sosial mənzillər ayrılaraq, sonradan özəlləşdirilməsinə imkan yaradılsın;

5.    Ümumi səbəbdən əlilliyi olan şəxslərin və əlilliyi olan uşaqların ailələrinin cəmiyyətdən təcrid edilməsinin qarşısını almaq və cəmiyyətə sürətli inteqrasiya etməsinə şərait yaratmaq üçün bu məqsədlə ayrılan mənzillərin sayı müxtəlif yaşayış binalarında mövcud mənzillərin 10-20% nisbətində olmaqla müəyyən edilsin. 10-20% nisbətinin özündə də müxtəlif əlilliyi olan şəxslər nəzərdə tutulmalıdır.

Hörmətli cənab Prezident,

Qaldırdığım məsələ ilə bağlı qanun layihəsinin işlənməsinə həm özüm, həm də ölkədəki əlilliklə məşğul olan qeyri-hökumət təşkilatlarının töhfəsini əlaqələndrməyə hazıram.

0 have signed. Let’s get to 1,000!
At 1,000 signatures, this petition is more likely to be featured in recommendations!